Amerika Birləşmiş Ştatlarında kommersiya hüquqi şəxslər, onların növləri və təsis edilməsi (2-ci hissə)
ABŞ-da mövcud olan hüquqi şəxslərin əsas növləri
ABŞ-da 3 növdə hüquqi şəxs yarada bilərsiniz:
- “Partnership” (Ortaqlıq) ( Limited Partnership- LP və Limited Liability Partnership- LLP);
- “Limited Liability Company” (LLC);
- Korporasiyalar (S-corp və C-corp).
Ortaqlıq
Ortaqlıq iki və ya daha çox insanın birlikdə biznes sahibi olması üçün ən sadə seçimdir. Ortaqlığın iki ümumi növü var: “Məhdud Ortaqlıq” (Limited Partnership-LP) və “Məhdud Məsuliyyətli Ortaqlıq” (Limited Liability Partnership-LLP). Amerikada ortaqlıqlar fərdi sahibkarlıqla oxşardır, yeganə fərq ortaqlıqda birdən çox sahibin olmasıdır.
LP-lərdə qeyri-məhdud məsuliyyətli yalnız bir ümumi ortaq olur, digər bütün ortaqlar isə məhdud məsuliyyət daşıyır. LLP-lərin isə bütün ortaqları yalnız məhdud səviyyədə məsuliyyət daşıyırlar. Ortaqlıqlar birdən çox sahibi olan bizneslər, peşəkar qruplar (vəkillər, notariatlar) və daha rəsmi işi qurmazdan əvvəl öz biznes ideyalarını sınamaq istəyən qruplar üçün yaxşı seçim ola bilər.
Xarici vətəndaşlar və şirkətlər digər hüquqi şəxs növlərinin əlverişsiz şərtlərinə görə ABŞ-dakı bizneslərini əsasən LLC və ya C-Corp şəklində qururlar.
“Məhdud Məsuliyyətli Cəmiyyət” (Limited Liability Company- LLC)
ABŞ-da şirkət təsis olunması üçün daha çox istifadə olunan formalar LLC və C- Korporasiyasıdır.
Əgər investisiya cəlb etməyi hədəfləyən startapsınıza, C-Corp strukturunu seçmək sizin üçün daha yaxşı ola bilər. Əgər siz elektron ticarətlə, onlayn xidmətlərlə və ya frilanser kimi çalışırsınızsa, şirkətlərdən tələb edilən mənfəət vergisini ödəməmək üçün LLC strukturunu seçmək daha optimaldır.
LLC sizə həm korporasiya, həm də ortaqlıq növündə hüquqi şəxslərin üstünlüklərindən yararlanmağa imkan verir. LLC-nin ortaqlıqdakı kimi sadəliyi, dəyişkənliyi və vergi üstünlükləri var. Həmçinin korporasiya kimi iştirakçılar üçün məsuliyyətdən müdafiə təmin edir. Biznesinizi LLC kimi başlatdıqda biznesiniz müstəqil hüquqi şəxs olur, buna görə də onun əmlakı iştirakçıların əmlakından ayrılır.
Bu zaman mənfəət və zərərlər bölünür, gəlir korporativ vergilərlə üzləşmədən şəxsi hesabınıza keçə bilər. Bununla belə, LLC-nin üzvləri özünəməşğul olan şəxs hesab olunurlar və tibbi, sosial təminat sığortaları üçün özünəməşğulluqla əlaqəli haqları ödəməlidirlər. LLC ilə üzvlər şəxsi vergilərini bəyannamə əsasında ödəyir, belə proses isə keçid vergitutması adlanır.
LLC-lər vergiləri birbaşa ödəmirlər, gəlirlər LLC vasitəsilə sahiblərə keçir və onlar vergiyə cəlb edilirlər. LLC-lərin vahid vergiyə cəlb edilməsi halında bütün gəlirlər gəlir vergisi öhdəliyinə görə bir səviyyədə də tutula bilər. Bu tək səviyyədə isə verginin dərəcəsi arta bilər.
Tək şəxsdən ibarət LLC açmaq da mümkündür. Nizamnamə LLC-nin əsas sənədidir, çünki bu, qaydalar və tənzimləmələr müəyyənləşdirərək biznesin maliyyə və funksional qərarlarını formalaşdırır.
LLC vergi məqsədləri üçün “Internal Revenue Service” (IRS-Daxili Gəlir Xidməti) tərəfindən müstəqil şəxs kimi qəbul edilmir. Eyni zamanda LLC-lər korporasiyalara aid olan bir çox hüquqi formal öhdəliklərdən azaddır, məsələn, illik hesabatlar, direktorların görüşü və səhmdarlara qoyulan tələblər yoxdur. LLC idarə etmək üçün rezidentlik tələb olunmur, buna görə də LLC formalaşdırmaq üçün Birləşmiş Ştatlar rezidenti olmağınıza ehtiyac yoxdur. LLC-ni dünyanın istənilən yerindən qura bilərsiniz. Qeyd etdiyimiz kimi LLC-lər üçün səhmdarların görüşünü keçirmək və ya direktorlar şurası yaratmağa da ehtiyac qalmır.
Korporasiya və onun formaları
C corp
Bəzən C-corp kimi də adlanan korporasiya, sahiblərindən ayrı olan hüquqi şəxsdir. Korporasiyalar özlüyündə mənfəət əldə edə, vergiyə cəlb edilə və qanuni məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan korporasiyalar öz sahiblərinə şəxsi məsuliyyətdən ən güclü müdafiəni təklif edirlər, lakin korporasiya yaratmaq üçün xərclər digər növlərdən daha yüksəkdir. Korporasiyalar həmçinin daha geniş uçot, əməliyyat prosesləri və hesabat tələb edir.
C korporasiyası (C-corp) şirkət üçün elə bir hüquqi şəxs növüdür ki, burada sahiblər və ya səhmdarlar hüquqi şəxsdən ayrıca vergiyə cəlb edilirlər. Ən geniş yayılmış korporasiya olan C-corplar özləri də mənfəət vergisi üçün subyekt sayılırlar. Burada biznesdən alınan vergilər həm şirkət, həm də şəxsi səviyyədə olur, daha dəqiq desək, bir növ ikiqat vergi tutulmuş olur. C- korporasiya daha mürəkkəb olan, amma vergi, investisiya, pay bölgüsü kimi prosedurlarda daha sərbəst bir quruluşdur.
Fərdi sahibkarlardan, ortaqlıqlardan və LLC-lərdən fərqli olaraq, korporasiyalar mənfəətlərindən gəlir vergisi ödəyirlər. Bəzi hallarda, korporativ mənfəət iki dəfə vergiyə cəlb olunur – birincisi, şirkət mənfəət əldə etdikdə və yenidən səhmdarlara şəxsi vergi bəyannamələri üzrə dividendlər ödənildikdə.
C-Corp yaratmaqla əsas işçilərinizə səhm vermək imkanı yaranır ki, bu həm də onların şirkətdə uzun müddət qalmasını və daha həvəslə çalışmasını stimullaşdırır. Səhmdarlar/üzvlər tərəfindən idarə olunan LLC ilə müqayisədə C-Corpun üstün və mürəkkəb idarəçilik strukturu investorlar tərəfindən daha cəlbedici hesab olunur. Həmçinin imtiyazlı səhmlər buraxmaqla xüsusi səhmlərə güzəşt verə bilərsiniz ki, bu da investorlarınız üçün əlavə fayda deməkdir.
Korporasiyaların səhmdarlarından ayrı tam müstəqil “həyatı” var. Əgər səhmdar şirkəti tərk edərsə və ya öz səhmlərini satarsa, C korporasiyası işini rahat davam etdirə bilər. Korporasiyalar kapitalın artırılmasına gəldikdə də üstünlüyə malikdirlər, çünki onlar səhm satışı vasitəsilə vəsait toplaya bilirlər ki, bu da işçilərin cəlb edilməsində, müəssisənin böyüməsində faydalı olur. Korporasiyalar orta və ya daha yüksək riskli müəssisələr, kapital cəlb etməyi hədəfləyənlər və “ictimaiyyətə çıxmağı” və ya sonda satılmağı planlaşdıran bizneslər üçün yaxşı seçim ola bilər.
Səhmlərin seçim kimi işçilərə əmək qarşılığında təklif edilməsi onları həvəsləndirəcək və istedadlı şəxsləri cəlb edəcək.
LLC yaratmaq və onu daha sonra C korpa çevirmək də mümkündür.
C-corplar səhm buraxa bilər, amma LLC-lərin bu cür səlahiyyəti yoxdur. Bu o deməkdir ki, ancaq C korporasiyalar səhm bazarında iştirak edə bilər. LLC üzvləri üçün tək bənzər yol öz paylarını başqaları ilə dəyişməkdir. C-corp üçün kapital cəlb etmək LLC-lərdən daha asandır. C-corp hissələrini sata və biznesi maliyyələşdirən limitsiz sayda payçılara sahib ola bilər.
Bu məqalədəki yazılar ümumi məlumat xarakterlidir və hüquqi məsləhət deyildir.