Amerika Birləşmiş Ştatlarında kommersiya hüquqi şəxslər, onların növləri və təsis edilməsi (1-ci hissə)
Giriş
Biznes qurulması zamanı ağla gələn ilk suallardan biri biznesi necə rəsmi qeydiyyatdan keçirmək və ya hansı hüquqi şəxs növünün daha uyğun olduğunu müəyyən etməkdir. İstənilən biznesin, iqtisadi fəaliyyətin uğurlu olmasının ən önəmli faktorlarından biri onun hüquqi idarəetməsinin düzgün təşkil edilməsindən keçir. Kommersiya fəaliyyəti üçün seçdiyiniz hüquqi forma gündəlik əməliyyatlardan tutmuş vergilərə və şəxsi aktivlərinizin nə qədərinin risk altında olduğuna qədər hər şeyə təsir edir. Bütün bunları nəzərə alaraq əgər Amerika bazarında “oyunçu” olmağa hazırlaşırsınızsa, Birləşmiş Ştatlarda hüquqi şəxslərin növləri arasındakı fərqləri bilmək sizə hüquqi müdafiə və mənfəətin düzgün balansını verən biznes strukturu seçməkdə faydalı olacaq. Bu seçim nə qədər vergi ödədiyinizə, fondlardan pul toplamaq qabiliyyətinizə, sənədləşdirməli olduğunuz materiallara və şəxsi əmlak məsuliyyətinizə təsir edir. Bu səbəbdən, xüsusilə Amerika kimi sərt “oyun qaydaları” olan ölkədə biznesiniz üçün hüquqi şəxs yaradarkən biznes konsultantlar, vəkillər və mühasiblərlə məsləhətləşmələr faydalı ola bilər.
Biznesiniz üçün Amerika Birləşmiş Ştatlarında şirkət təsis etmək bəzi üstünlüklər təmin edir:
- ABŞ-da bank hesabı aça bilirsiniz;
- Birləşmiş Ştatlardan gələ biləcək investisiyalara birbaşa çıxış əldə edirsiniz;
- Amerika bazarında daha asan tanınır və etibar əldə edirsiniz.
ABŞ-da şirkət təsis edilməsi ilə bağlı ilkin tələblər:
Amerika Birləşmiş Ştatlarında rezident olmayan şəxslər üçün hüquqi şəxs yaratmağa dair tələblər rezident şəxslər üçün tələblərlə demək olar ki, eynidir. Hətta Amerikada biznes fəaliyyətinə viza almadan və Amerikaya getmədən başlamaq mümkündür, lakin bu prosesdə diqqət edilməli olan əlavə tələblər var.
İlk növbədə nəzərə almaq lazımdır ki, hüquqi şəxsin təsis olunması Amerikada federal yox, ştatlar səviyyəsində tənzimlənir. Yəni hər bir ştatın təsisetmə ilə bağlı fərqli qaydaları mövcud ola bilər.
Hansı formada biznesə başlanılmasından asılı olmayaraq proses əsasən zəruri sənədlərin dövlət orqanına (adətən Dövlət Katibliyi (the Secretary of the State)) göndərilməsini, rüsumun ödənilməsini və agent vasitəsilə digər əməliyyatların icra olunmasını əhatə edir.
Sənədləri hazırlamazdan əvvəl şirkətiniz üçün seçdiyiniz firma adının və əmtəə nişanın artıq istifadə olunub-olunmadığını mütləq qaydada yoxlamalısınız. Əlavə olaraq əgər Azərbaycanda siz qeydiyyatdan keçərkən Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) almalısınızsa, analoji qaydada sizin federal vergi eyniləşdirmə nömrəniz “İşəgötürənin Eyniləşdirmə Nömrəsi” (Employer Identification Number) adlanır və bu sizə leqal olaraq şəxsləri işə götürmək, federal vergiləri ödəmək, lisenziyalar üçün müraciət etmək və biznesiniz üçün bank hesabı açmağa icazə verir.
Şirkətin əsas yaradılma sənədinə ştatlardan asılı olaraq “Təsis Nizamnaməsi” (the Aritcles of Incorporation) və ya “Təsis Şəhadətnaməsi” (Certificate of Incorporation) deyilir. Şirkətin yaradılmasındakı sənədləşmə işləri ona aid spesifik detalları dövlətə və ictimaiyyətə elan etmək üçün istifadə edilir. LLC-lər və digər şirkətlər öz təsis sənədlərində konkret məlumatları qeyd etməlidirlər. İcbari olaraq açıqlanmalı olan məlumatların siyahısı ştatlara görə dəyişə bilir.
Xarici bizneslər üçün “Fərdi Vergi Ödəyicisi Eyniləşdirmə Nömrəsi” (Individual Taxpayer Identification Number -ITIN) də bəzi hallarda müvafiq tələbi qarşılaya bilər. “Daxili Gəlirlər Xidməti” (Internal Revenue Service) bu vergi ödəmə nömrələrini ABŞ qanunvericiliyi ilə vergi ödəməli olan, lakin Sosial Təhlükəsizlik nömrəsi üçün uyğunluq təşkil etməyən fərdlərə ünvanlayır. Belə ki, vətəndaşların və işləmə icazəsi olan əcnəbilərin sosial təminatlardan istifadə edə bilmə imkanı bu sənədlə müəyyənləşir və şəxslər müvafiq nömrəni almadan Amerikada işləyə bilmirlər. Rezident və qeyri-rezident əcnəbilər xarici vətəndaşlar kimi sosial təminatlardan istifadə edə bilən kateqoriyaya düşmədikləri üçün müvafiq sosial təhlükəsizlik nömrəsi olmadan da onların biznes qeydiyyatı mümkün olur.
Eyni zamanda ABŞ-da şirkəti qeydiyyatdan keçirmək üçün ünvana sahib olmaq vacib şərtdir. Siz hüquqi şəxsi təsis etdiyiniz ştatda qeydiyyatda olan bir agentin adını verməlisiniz və bu agentin həmin ştatda fiziki olaraq mövcud olan faktiki ünvanı olmalıdır. Agent şirkətiniz üçün vacib olan vergi bildirişləri, iddia ərizələri, məhkəmə bildirişləri, illik hesabatlar və s. hüquqi sənədlərin qəbulu və verilməsi üçün cavabdeh olur. Bu agenti sizin adınızdan biznesi orada idarə edən bir poçt kimi düşünə bilərsiniz.
Faktiki ünvana sahib olmaqla yanaşı, agent normal iş vaxtında göstərilən ünvanda olmalıdır. Qeydiyyatdan keçirilmiş agentin ünvanını hüquqi ünvan kimi istifadə edə bilməzsiniz. Bu ünvan rəsmi sənədlərin qəbulu üçün nəzərdə tutulur. Hüquqi ünvan isə sizin öz ölkənizdəki eviniz və ya ofisiniz olmalıdır.
Fəaliyyət sahənizlə bağlı müəyyən lisenziya tələbləri mövcud ola bilər və bu barədə xüsusi araşdırma aparmağınızı tövsiyə edirik.
ABŞ-da şirkəti qeydiyyatdan keçirmək üçün xərclər ştatdan asılı olaraq 600 və 1400 dollar arasında dəyişir.
Dövlət orqanının iş yükündən və tələb olunan addımları uğurlu tamamlamağınızdan asılı olaraq ən qısa zamanda siz “Təsis Şəhadətnaməsi”-ni (Articles of Organization) əldə edəcəksiniz. Bu şəhadətnamə sizin rəsmi olaraq şirkəti təsis etdiyinizi təsdiqləyir. Lakin təsisdən sonra da tamamlanmalı olan addımlar var.
Yuxarıda qeyd etdiyimiz kimi bəzi hallarda hüquqi şəxs yaratmadan da fərdi sahibkar kimi qeydiyyatdan keçərək fəaliyyətinizi davam etdirə bilərsiniz.
Bu məqalədəki yazılar ümumi məlumat xarakterlidir və hüquqi məsləhət deyildir.