STARTAPLAR ÜÇÜN İNVESTİSİYA ALƏTİ – SAFE
SAFE və ya Simple Agreement for Future Equity (Gələcək Pay üçün Sadə Müqavilə), startapların maliyələşdirilməsində istifadə edilən hüquqi alətlərdən biridir. Bu alət investorlara sonradan pay əldə etmək hüququ müqabilində şirkətə sərmayə qoymağa imkan verir. Bu yazıda SAFE müqavilələrinin konsepsiyası, o cümlədən onların mənşəyi, faydaları, çatışmazlıqları və startaplar və investorların nəzərə almalı olduğu əsas məsələlər müzakirə ediləcək.
Mənşəyi
SAFE konsepsiyası ilk dəfə ənənəvi Convertible Note (konvertasiya olunan borc) alətinə alternativ olaraq, tanınmış startap akseleratoru Y Combinator tərəfindən təqdim edilmişdir. Convertible Note qiymətləndirmə (valuation) müəyyən etmədən investisiya cəlb etməyə imkan verdiyi üçün ilkin mərhələdə olan startaplar tərəfindən ən çox istifadə edilən maliyyə aləti olmuşdur. Bu zaman investorlar sonrakı tarixdə (adətən startap növbəti maliyyələşmə mərhələsinə çatdıqda) əvəzində pay əldə edəcəkləri pul məbləğini startaplara borc olaraq verirdilər. Müəyyən olunmuş şərt baş verdikdə investor müvafiq pay əldə edir və ya borc investora geri qaytarılırdı (faizlərlə birlikdə).
Bununla belə, Convertible Note konseptinin bəzi çatışmazlıqları var. Convertible Note adətən ödəmə tarixinə malik olur, bu isə o deməkdir ki, startapın növbəti maliyyələşmə mərhələsinə çatıb-çatmamasından asılı olmayaraq, investorun borc verdiyi məbləğ qeyd olunan tarixdə geri ödənilməlidir.
Bu və sair problemləri həll etmək üçün Y Combinator 2013-cü ildə SAFE müqaviləsini təqdim etdi. SAFE ilə Convertible Note arasındakı əsas fərq ondan ibarətdir ki, SAFE müqaviləsində ödəmə (və ödəmə tarixi) nəzərdə tutulmur, əvəzinə investorun investisiya müqabilində startapdan pay alacağı zamanı müəyyən edən şərt (trigger) nəzərdə tutulur. Bu şərt (trigger) adətən sonrakı maliyyələşmə mərhələsi və ya startapın satışı, yaxud IPO (initial public offering – səhmlərin ilkin kütləvi satışa çıxarılması) kimi likvidlik hadisəsi olur. Bu zaman investor əvvəlcədən tərəflər arasında müəyyən edilmiş qiymətlə şirkətdən pay əldə edir. Bu səbəbdən Convertible Note`dan fərqli olaraq SAFE borc razılaşması deyildir.
Üstünlükləri
SAFE müqavilələri icrasının (həmçinin bağlanılmasının) nisbətən sadə olması və ənənəvi maliyyələşdirmə alətləri ilə eyni dərəcədə danışıq və sənədləşmə tələb etməməsi səbəbi ilə erkən mərhələdə olan startaplar arasında kifayət qədər yayılmışdır. Bu müqavilə xüsusilə fəaliyyətə yeni başlayan, hüquqi və inzibati işlər üçün resursu olmayan startaplar üçün faydalı alətdir. Müqavilənin müxtəlif formaları Y Combinator tərəfindən saytında pulsuz formada yerləşdirilib. Adətən SAFE razılaşmalarında müqavilənin hüquqi şərtləri müzakirə olunmur və dəyişdirilmir. Tərəflər sadəcə bizneslə bağlı müəyyən kommersiya göstəricilərini daxil edirlər.
Bundan əlavə, SAFE müqavilələri startaplara şirkətin dəyərinin təyin edilməsini sonrakı tarixə təxirə salmağa imkan verir ki, bu da startapın ilkin mərhələdə dəyərinin müəyyən edilməsinin çətin olduğu zaman faydalı ola bilər. Startapın dəyərləndirilməsini təxirə salmaqla startap və onun investorları hələ başlanğıc mərhələsində olan bir ideya üçün dəyərləndirmə təyin edərkən yarana biləcək potensial mübahisəli məsələlərin və uzun danışıqların qarşısını almaq imkanı əldə edirlər.
SAFE müqavilələrinin digər üstünlüyü ondan ibarətdir ki, onlar həm startap, həm də investor üçün əlverişli olan şəkildə strukturlaşdırıla bilər. Məsələn, SAFE investorun investisiyalarını paya çevirə biləcəyi qiyməti məhdudlaşdıran limiti müəyyən edə bilər. Bu, investor üçün startapın fəaliyyətinin müsbət istiqamətdə irəliləyəcəyi zaman investisiyasından əldə edəcəyi gəlirin minimum məbləğini müəyyən etməyə kömək etməklə faydalı ola bilər. Eyni zamanda bu, startap üçün investorlara investisiyalarından yüksək gəlir əldə etmək potensialı təklif etməklə onları cəlb etməyə kömək edə bilər.
Çatışmazlıqları
SAFE müqavilələrin ilkin mərhələdə olan startaplar üçün bir sıra üstünlükləri olsa da, müqavilə bağlamazdan əvvəl nəzərə alınmalı olan bəzi nüanslar da var.
Çatışmazlıqlardan biri ondan ibarətdir ki, SAFE investorları ənənəvi maliyyələşdirmə alətləri ilə eyni səviyyədə qorunma ilə təmin edə bilmir. Məsələn, SAFE investora səsvermə hüququ və ya şirkət üzərində başqa nəzarət vasitəsi təmin etmir. Bundan əlavə, müqavilə ilə nəzərdə tutulmuş şərt (trigger) – hadisə heç vaxt baş verməsə, investor şirkətdən pay ala bilməyəcək və nəticədə, investisiyasını itirəcək. Müddətin və faizlərin müəyyən olunmaması startapın ancaq “trigger”ə fokuslanmasına imkan versə də, investor üçün əksinə, riskli vəziyyət yaradır.
SAFE müqavilələrinin digər çatışmazlığı onların müəyyən yurisdiksiyalarda tanınmamasıdır. Bu, startapların həmin yurisdiksiyalardakı investorlardan investisiya cəlb etməsini çətinləşdirə bilər ki, bu da onların böyümə və genişlənmə imkanlarını məhdudlaşdıra bilər.
Startaplar və investorlar üçün əsas məqamlar
SAFE müqaviləsi bağlamazdan əvvəl həm startaplar, həm də investorlar müqavilənin şərtlərini diqqətlə nəzərdən keçirməli və müqavilənin nəticələrini tam başa düşmələrini təmin etmək üçün hüquqi məsləhət almalıdırlar.
Startaplar üçün SAFE müqaviləsinin onların məqsədləri baxımından düzgün və optimal maliyyələşdirmə variantı olub-olmadığını nəzərə almaq zəruridir. SAFE müqavilələri bir sıra üstünlüklər təklif etsə də, onlar hər bir startap üçün ən yaxşı seçim olmaya bilər. Məsələn, əgər startap artıq gəlir gətirirsə və dəyəri müəyyənləşmişsə, ənənəvi üsullar vasitəsilə investisiya cəlb etmək daha məqsədəuyğun ola bilər.
SAFE müqaviləsini nəzərdən keçirərkən, startaplar, pay satışı üçün qiymət limiti, investorun investisiya müqabilində startapdan pay alacağı zamanı müəyyən edən şərt (trigger) və digər şərtləri diqqətlə nəzərdən keçirməlidirlər. Bu şərtlərin ağlabatan olmasını və şirkətin uzunmüddətli məqsədlərinə uyğun olmasını təmin etmək vacibdir.
İnvestorlar üçün SAFE müqaviləsi ilə bağlı potensial riskləri və mənfəətləri diqqətlə nəzərdən keçirmək vacibdir. SAFE müqavilələri investisiyadan yüksək gəlir əldə etmək potensialı təklif etsə də, ənənəvi maliyyələşdirmə üsullarından daha yüksək risk daşıyır. İnvestorlar müqavilənin şərtlərini diqqətlə nəzərdən keçirməli və müqavilənin nəticələrini tam başa düşmək üçün hüquqi məsləhət almalıdırlar.
Nəticə
SAFE müqavilələri ənənəvi investisiya alətləri ilə müqayisədə bir sıra üstünlüklər təklif edərək erkən mərhələdə olan startaplar üçün getdikcə populyarlaşan maliyyə alətinə çevrilib. Bununla belə, onların bəzi çatışmazlıqları da var ki, müqavilə bağlamazdan əvvəl diqqətlə nəzərdən keçirilməlidir. Müqavilənin şərtlərini diqqətlə analiz etmək və hüquqi məsləhət almaqla startaplar və investorlar uzunmüddətli hədəflərinə uyğun gələn qərarlar qəbul edə və hər iki tərəfin maraqlarını təmin edən müqavilə bağlaya bilərlər.