İnformasiya texnologiyaları sahəsində əqli mülkiyyət məsələləri

Əqli mülkiyyət obyektləri informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən şirkətlərin, o cümlədən startapların ən dəyərli aktivlərindən biri hesab olunur. Lakin bir çox hallarda bu növ aktivlərin qorunması və risklərin minimuma endirilməsi istiqamətində lazımi tədbirlərin görülmədiyi və hüquqi addımların atılmadığı müşahidə olunur. Əqli mülkiyyət obyektləri dedikdə, əqli fəaliyyət nəticəsində yaradılan “məhsullar” başa düşülür. Yazıda bu obyektlərin hansı hüquqi vasitələr ilə qoruna biləcəyi haqqında məlumat veriləcəkdir.

Biznes ilk növbədə ideya ilə başlayır. Hər bir ideya forma/obyekt mərhələsinə keçdikdən sonra onun effektiv mühafizəsindən danışmaq olar. İT sahəsindəki əqli mülkiyyət obyektlərindən ilk növbədə kompüter proqramlarına nəzər yetirmək lazımdır.

Kompüter proqramları əqli mülkiyyət obyekti olaraq ədəbi əsərlər kimi müəlliflik hüquqları ilə qorunur. Kompüter proqramlarının qorunması ilkin kod (source code) və obyekt kodu da daxil olmaqla, istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.[1] İlkin kod əsərin orijinalıdır, obyekt kodu isə onun kompüter proqramında icra olunması üçün müəyyən məqsəd və nəticələrə xidmət edən son halıdır.

Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.[2] Əsər yaradıldığı andan mühafizə olunur. Müəllif hüququ ilə qorunmanın digər bir üstün cəhəti isə bu mühafizənin yalnız əsərin yaradıldığı ölkə ilə məhdudlaşmamasıdır. Lakin nəzərə almaq lazımdır ki, müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, yalnız ifadə formasına şamil edilir.[3][4] Bu o deməkdir ki, kompüter kodu yazılış formasında və yazıldığı dildə qorunur, lakin kodun funkisonallığı, işləmə metodu, təqdim etdiyi alqoritm və ya texniki həllər müəllif hüquqları ilə qorunmur. Nəticə etibarilə, eyni funksionallığa və alqoritmə sahib kompüter proqramı fərqli proqramlaşdırma dilində və ya fərqli formada yazıldıqda müəlliflik hüquqları əsasında mühafizə olunmur.

Hər bir əsər fiziki şəxs tərəfindən yaradılır və ilk növbədə əsərlə bağlı bütün hüquqlar həmin fiziki şəxsə məxsus olur. Müəlliflik hüquqları özündə iki növ hüquqları fərqləndirir: şəxsi (qeyri-əmlak) hüquqları (məs. müəllif olmaq, ad hüququ və s.) və əmlak xarakterli hüquqlar (müstəsna/iqtisadi hüquqlar). Şəxsi hüquqlar müəllifdən ayrıla bilməyən hüquqlardır, lakin əmlak xarakterli hüquqlar fiziki və hüquqi şəxslərə ötürülə bilər.

Kompüter proqramı işçi tərəfindən yaradıldıqda onun üzərində müstəsna (iqtisadi) hüquqlar bir qayda olaraq işəgötürənə (şirkətə) məxsus olur, o şərtlə ki, (1) bu əsər xidməti vəzifələrin icrası zamanı və ya (2) işəgötürənin tapşırığı əsasında yaradılmış olsun.[5] Əmək müqaviləsində bu qaydadan fərqli qayda da nəzərdə tutula bilər. Bu səbəbdən şirkətlərə tövsiyə olunur ki, əməkdaşları tərəfindən yaradılan kompüter proqramları üzərində hüquqların qanuni qaydada əldə olunması üçün hüquqi prosedurları nəzərə alsınlar. Gələcək risklərin aradan qaldırılması üçün, eyni qaydada kənar şəxslərə (podratçı şirkət və ya freelancer) kompüter proqramının yaradılması sifariş olunduqda bununla bağlı müqavilələlərdə hüquqların ötürülməsi ilə bağlı müddaəalara diqqət yetirmək lazımdır.

Məlumat toplusu/bazası (Database) da məlumatların seçilməsi və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olaraq müəllif hüquqları əsasında qorunur.[6] Avropa hüququnda isə məlumat bazasının “yaradıcılıq” meyarına cavab vermədiyi hallarda da mühafizəsini təmin edən xüsusi hüquq institutu (sui generis database right) mövcuddur.

Müəllif hüquqları kompüter proqramının məzmununu deyil, ancaq formasını mühafizə edir. Kompüter proqramları ilə əlaqədar əsas kommersiya dəyəri onların texniki funksionallığındadır. Kompüter proqramı özündə çoxkomponentli əqli mülkiyyət məhsulu ehtiva etdiyindən, onun təqdim etdiyi texniki həllərin, alqoritmin mühafizəsi patent hüququ vasitəsilə təmin edilə bilər. Patent – ixtira, faydalı model və sənaye nümunəsinə verilən mühafizə sənədidir və onlara müəllifliyi və ilkinliyi təsdiq edir, onlardan istifadə etmək üçün müstəsna hüquq verir. Lakin qanunvericiliyimiz kompüter proqramları və alqoritmlərin patentləşdirilməsini qadağan edir[7]. Qeyd edək ki, oxşar məhdudiyyətin Rusiya qanunverciliyində də nəzərdə tutulmasına baxmayaraq, artıq bir sıra şirkətlər (Kaspersky[8], Yandeks[9]) müxtəlif proqram təminatlarına patent əldə etmişlər.

Kompüter proqramlarının patentləşdirilməsinin bir sıra ölkələrdə qadağan olunmasının əsas səbəbi bu sahədə sürətli inkişafın qarşının alınması və proqram təminatı bazarının inhisarlaşması riski ilə əlaqələndirilir. Digər bir səbəb isə, ixtira üçün zəruri olan yenilik, ixtira səviyyəsi və sənayədə tətbiq edilən olması (iqtisadi effekt) ilə bağlı tələblərin bir çox hallarda kompüter proqramları tərəfindən qarşılanmaması göstərilir. Bu 3 şərtdən proqram təminatı üçün ən çox mübahisəli olan şərt sənayedə tətbiq edilə bilən (faydalı) olmaq şərtidir. Belə ki, bu şərtin təmin edilməsi üçün maddi-texniki nəticə tələb olunur, lakin proqram təminatının alqoritmləri adətən mücərrəd ideyalar, alqoritmlər və ya metodlar təqdim edir.

Beynəlxalq təcrübədə, adətən hesab edilir ki, əgər proqram təminatı texniki həll təqdim edirsə və bu texniki həll (üsul) nəticəsində texniki (maddi) nəticə əldə olunursa (sadəcə məlumat mübadiləsini həyata keçirmirsə), bu zaman kompüter proqramının patentləşdirilməsi mümkündür. Məsələn, hər hansı tibbi avadanlığın müayinə həyata keçirməsi funksiyasını idarə edən kompüter proqramının patentləşdirilməsi mümkün ola bilər.[10] Lakin bizim qanunvericilik “üsul”a anlayış verərək, bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi obyekt üzərində, maddi vasitələrin köməyi ilə yerinə yetirilməli[11] olduğunu göstərməklə proqram təminatının patentləşdirilməsini bir növ “mümkünsüz” etmişdir.

İT məhsullarının adları və fərqləndirici nişanları əmtəə nişanı kimi (trademark) mühafizə oluna bilər. Əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır)[12]. Kompüter proqramının nişanının qeydiyyata alınması üçün, o, tamamlanmış hazır məhsul olmalı və faktiki mövcud olan müəyyən əmtəə və ya xidmətə bağlı olmalıdır. Qeydiyyata alma ilə məhsula aid əmtəə nişanının kənar şəxslər tərəfindən istifadəsinə qadağa qoymaq mümkündür.

Bizneslərinin başlanğıc mərhələsindəki şirkətlər/startaplar üçün əmtəə nişanlarının qeydiyyatı bəzən əlavə xərc və lazımsız kimi görünür. Lakin biznesin xüsusilə uğurlu olduğu, investisiya cəlb etdiyi və ya beynəlxalq bazara açıldığı hallarda qeydiyyata alınmamış əmtəə nişanının mühafizə olunmaması ciddi risk təşkil edə bilər. Belə ki, uğurlu olan və qorunma altında olmayan əmtəə nişanlarının üçüncü şəxslər tərəfindən sui-istifadə hallarına rast gəlinir. Beynəlxalq təcrübədə “trademark troll” – istifadə etmədiyi əmtəə nişanını qeydiyata alıb həqiqi sahibindən pul tələb etmək, “trademark squatting” – əmtəə nişanını fərqli ölkədə qeydiyyata alıb biznes həmin ölkəyə daxil olmaq istəyərkən pul tələb etmək və s. kimi neqativ təcrübələr mövcuddur. Nəzərə almaq lazımdır ki, əmtəə nişanı üzrə mühafizə lokal xarakter daşıyır və yalnız qeydiyyata alındığı dövlət ərazisində qorunur. Biznesin xarici ölkələrə genişləndirilməsi potensialı mövcuddursa, həmin ölkələrdə də qeydiyyat üçün müraciət etmək tövsiyə olunur.

Əmtəə nişanlarının qeydiyyatı ilə bərabər düzgün domen adının seçilməsi də şirkət üçün mühüm əhəmiyyət daşıyır. Domen adının faktiki olaraq xidmət nişanı kimi istifadə edildiyi hallarda onun əmtəə nişanı kimi qeydiyyatı da mümkündür. Həmçinin, qanunvericilik qeydiyyata alınmış əmtəə nişanının digər şəxlərin domen adında təkrarlandığı, oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi və ya internet şəbəkəsində haqsız istifadə edildiyi halları hüquqların pozuntusu kimi təsbit edir[13]. Bu zaman, müvafiq qaydada hüquqların bərpası və domen adının qeydiyyatının ləğvi üçün müraciət edilməsi mümkündür[14].

Patent və digər hüquqlarla yanaşı əqli mülkiyyət obyektləri kommersiya sirri rejimi altında də (nou-hau) qoruna bilər. Bu zaman şirkətlər sahib olduqları əqli mülkiyyət obyektlərini onlarla işləyən şəxslər tərəfindən (şirkətin əməkdaşları və müqavilə tərəfləri) üçüncü şəxslərə açıqlanmaması barədə xüsusi müqavilələr bağlayırlar. Müəllif/patent mühafizəsi əsasən o zaman lazım olur ki, bazarda oxşar məhsulları hazırlayan rəqib və ya gələcəkdə rəqib ola biləcək iştirakçılar mövcuddur. Əqli mülkiyyət hüququnun qeydiyyatı onunla bağlı məlumatlarının ictimailəşdirilməsi deməkdir. Əgər biznes üçün bu ictimailəşdirmə sərfəli deyildirsə o zaman sadəcə effektiv kommersiya sirri rejimi qurmaq kifayətdir. Bu zaman həm şirkətdaxili zəruri sənədləşmə və hüquqi tənzimləmələr aparılmalı, eyni qaydada kontragentlər müqavilələrdə bu nüanslara diqqət yetirilməlidir, müvafiq hüquqi tədbirlər həyata keçirilməlidir.

Yuxarıda göstərilənlərdən əlavə, qüvvədə olan qanunvericiliyimizdə əqli mülkiyyət sahəsində hüquqpozmalarla bağlı bir sıra tənzimləyici müddəalar da mövcuddur.


[1] Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanun, maddə 6.2.

[2] Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanun, maddə 5.1.

[3] Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanun, maddə 5.3

[4] Məlumat toplularının hüquqi qorunması haqqında Qanun, Maddə 3.4.

[5] Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanun, maddə 13

[6] Məlumat toplularının hüquqi qorunması haqqında Qanun, maddə 3.1.

[7] Patent haqqında Qanun, maddə 7.

[8] https://findpatent.ru/patent/253/2535504.html

[9] https://findpatent.ru/patent/258/2586249.html

[10] IT-Recht. (İT hüququ) Thomas Hoeren. Münster 2020. ABŞ təcrübəsindən oxşar məzmunlu məhkəmə qərarı Diamond v. Diehr, 450 U.S. 175 (1981)

[11] Patent haqqında Qanun, maddə 1.

[12] Əmtəə nişanı və coğrafi göstəricilər haqqında Qanun. Maddə 2.

[13] Əmtəə nişanı və coğrafi göstəricilər haqqında Qanun, maddə 32. 

[14] “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərar (nömrə 63), maddə 4.6.