“GOOGLE vs ORACLE” MƏHKƏMƏ İŞİ
Oracle şirkətinin Google şirkətinə qarşı 9 milyard dollarlıq məhkəmə işi Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin 5 aprel 2021-ci il tarixli qərarı[1] ilə 6/2 nisbətində Google şirkətinin xeyrinə yekunlaşdı. İnformasiya texnologiyaları sahəsində çalışan şirkətlərin və hüquqşünasların maraqla izlədiyi məhkəmə işi kompüter proqramları üzrə əqli mülkiyyət məsələləri ilə bağlı ən böyük məhkəmə mübahisəsi olmaqla 10 ildən artıq müddətdə davam etdi. Bu qərar innovativ proqram təminatı (software) sənayesi üçün əlamətdar bir hadisə idi və onun inkişafında müstəsna rol oynayacaq.
İşin mahiyyəti
Oracle 2010-cu ildə Google şirkətinin onun patent və müəllif hüquqlarını pozması və zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdi. Oracle şirkətinin iddiası Google-un android əməliyyat sisteminin yaradılması zamanı Java proqram kodlarının oğurlaması ilə bağlı idi.
Google android əməliyyat sistemini qurduğu zaman onun əsasən Java əsaslı mobil tətbiqlərlə işlədiyindən uyğunsuzluqlar olmaması üçün Javanın API-lərinə ehtiyacı var idi. API – bir proqram modulunun digər proqram modulu ilə qarşılıqlı əlaqədə olmasına, məlumat ötürməsinə və qəbuluna, digər proqram moduluna nəzarət etməyə imkan verən sistemdir. API-lər proqramçılara hazır funksiyalardan istifadə etməklə işlərini tezləşdirmək imkanı verir. Danışıqlar zamanı istifadə ilə bağlı razılıq əldə olunmamasına baxmayaraq, Google bu API-lərdən də istifadə edərək 2007-ci ildə android əməliyyat sistemini təqdim etdi.
Oracle JAVA API kodlarının özünə məxsus olmasını əsas götürüb, Google-a qarşı əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddia qaldırdı. Əvvəlcə Məhkəmə iddiaları üç ayrı işə böldü: biri müəllif hüququ, biri patent, üçüncüsü isə zərərin hesablanması ilə bağlı.
Patent iddiaları münsiflər heyəti tərəfindən rədd edilsə də, müəllif hüquqları ilə bağlı iddialara uzun müddət baxıldı. Aşağı instansiya məhkəmələri, Google-un API-lərdən istifadəsinin “ədalətli istifadə” kimi qəbul edilib-edilməməsi ilə bağlı razılığa gələ bilmirdilər, bu da müəlliflik hüququnun pozulması haqqında qərarın çıxarılmasının qarşısını alırdı.
Məhkəmənin mübahisə ilə bağlı aydınlaşdırmalı olduğu əsas məsələlər:
- Müəllif hüquqlarının qorunmasının tətbiq dairəsi API kimi proqram interfeysinə qədər genişləndirilə bilərmi?
- Google-un hərəkətlərinin ədalətli istifadə çərçivəsində olub-olmaması.
Oracle şirkətinin API ilə bağlı kodların olduğu kimi kopyalanması ilə əlaqədar iddialarına qarşılıq olaraq, Google şirkətinin hüquqşünasları bildirirdi ki, JAVA API-lərinin Deklarasiya kodu daha çox “funksionaldır”, sistemin işləmə “metodudur” və müəllif hüququ ilə qorunmur, çünki müəlliflik hüququ “müəllifin fikirlərini” deyil, yalnız müəllifin “fikirlərinin, ifadəsinin təzahür formasını” qoruyur. Metod isə sadəcə bir fikirdir. Həmçinin, Google Müəllif Hüququ Aktının implementasiya kodunu (implementing code) qoruduğunu qəbul etdi, lakin deklarasiya kodunun “işləmə metodu”nun daha çox işlədilə bilən, hamıya açıq olduğu üçün mühafizə dairəsindən kənarda olduğunu müdafiə etdi. Google bildirirdi ki, Android sistemini yaratmaq üçün, yalnız bir seçimi var idi, o da JAVA API-lərindən istifadə etmək, ona görə də, bu kodlar müəlliflik hüququ ilə qorunmur və qorunmanın tətbiq dairəsindən xaric edilməlidir. Digər tərəfdən bu istifadənin kommersiya və ümumiyyətlə, proqram təminatı sənayesinin inkişafı üçün həyati əhəmiyyətli olduğundan onlardan istifadə “ədalətli istifadə” çərçivəsində baxılmalıdır. Ədalətli istifadə (ing. – fair use) Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır.
Yekun məhkəmə qərarı
Məhkəmə yekun qərarında JAVA API-nin müəlliflik hüquqlarının tətbiq dairəsinə düşüb-düşmədiyi barədə qərar vermədi. Bu həssas məqamla bağlı məhkəmə presedent yaratmadan məsələni gələcək müzakirələr üçün açıq saxladı.
Ancaq məhkəmə ikinci sualla bağlı əsaslandırıcı mövqe nümayiş etdirərək göstərdi ki, Google-un öz Android Platformasını inkişaf elətdirmək üçün hazırda Oracle-a məxsus JAVA API kodlarından istifadəsi müəllif hüquqları aspektində “ədalətli istifadə” hesab olunmalıdır. Məhkəmə ABŞ Müəllif Hüquqları Qanununun 107-ci Bölməsində qeyd olunan ədalətli istifadəni qiymətləndirmək üçün dörd amili dəyərləndirdi və müsbət qiymət verdi.
Məhkəmə göstərdi ki, oğurlanmış (götürülmüş) 11500 sətir kod 2,86 milyon sətirlik Java API kodunun yalnız 0,4%-ni təşkil edir və Google tərəfindən bu istifadə onun işini xeyli sadələşdirməklə və sürətləndirməklə kompüter proqramlarının və bütün sənayenin təkamül inkişafına töhfə verib. Məhkəmənin mövqeyinə görə, Google yalnız proqramçılarının sistemi inkişaf etdirmələri üçün onlara lazım olacaq miqdarda kod köçürüb. Bu səbəbdən bu istifadəni ədalətli hesab etmək olar.
Google-un əsas məqsədi Android smartfonlarının yeni proqramlarını hazırlamaq üçün proqramçılara öz bacarıqlarından istifadə etməyə lazımi şəraiti yaratmaq idi. Daha sonra, Məhkəmə onu da qeyd etdi ki, əgər Google öz yeni proqram təminatını yaratmaq üçün kopyalanmış Java API kodundan istifadə etməsəydi, Android smartfonunun əməliyyat sistemini inkişaf etdirmək çox baha olardı ki, bu da müəllif hüquqları institutunun tədqiqat və faydalı sənətin təşviqi məqsədlərinə zidd olardı. Nəticədə Məhkəmə müəyyən etdi ki, kopyalanan kod inqilabi Android sistemlərinin proqramçılar tərəfindən inkişaf etdirilməsi və təkmilləşdirilməsi üçün zəruri olmuşdur.
Qərarın İnformasiya texnologiyaları və müəllif hüquqları sahəsində təsirləri
Bu hadisə bütün texnologiya sənayesinə və innovativ, bacarıqlı proqramçılara müsbət təsir edəcək. Məhkəmə hakimi Breyer, müəllif hüquqlarının qorunmasına deyil, ədalətli istifadəyə qərar vermələrinin səbəbini belə izah etdi: “Texnologiya, iqtisadiyyat və bizneslə bağlı bugünkü sürətlə dəyişən şəraitdə məhkəmə hesab edir ki, mübahisəni həll etmək üçün lazım olandan artıq cavab verməməliyik.” Bir neçə Hakim Oracle qalib gələrsə, proqram sənayesində geniş şəkildə qəbul edilmiş standartlar üzərində qanuni inhisardan ciddi narahatlığını ifadə etdi.
Ali Məhkəmənin bu qərarı proqram interfeysləri ilə bağlı bilik və təcrübələrini sonrakı platformalarda istifadə etmək istəyən proqramçılar, tərtibatçılar və digər istifadəçilərin qələbəsidir. Çünki bir sıra daha kiçik ölçülü və məhdud imkanlara malik şirkətlər və startapların bu tipli APİ-ləri yenidən yazmağa və ya lisenziya almağa kifayət qədər resurları olmur. Ədalətli isitfadə bu mənada onların da inkişafına müsbət təsir edəcəkdir. Bununla belə, bu qərar digər tərəfdən də proqram kodunu tərtib edənlər üçün müəllif hüquqlarının müdafiəsini zəiflədə bilər. Çünki o, daha yaxşı resurslara malik rəqiblərin, yəni böyük şirkətlərin kiçik şirkətlər tərəfindən hazırlanan məhsullarını istifadə edib, inkişaf elətdirməyə imkan verir və sənaye daxilində innovasiya motivini, kiçik şirkətlərin yenilikçi kodlar yaratmaq həvəsini azaldır.
[1] https://www.supremecourt.gov/opinions/20pdf/18-956_d18f.pdf