ƏMƏK MƏCƏLLƏSİNƏ EDİLMİŞ MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycan Respublikasınınn Əmək Məcəlləsinə bir sıra mühüm dəyişikliklər edilmişdir.  12 avqust 2024-cü il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş sonuncu dəyişikləri nəzərinizə çatdırırıq:

    Əmək müqaviləsinin elektron sənəd formasında bağlanılması və dəyişiklər edilməsi

    Yeni dəyişikliklərə əsasən, əmək müqaviləsinin bağlanılması prosesi elektronlaşdırılmışdır. Belə ki, işəgötürənlər yeni işçinin işə qəbulunu mütləq elektron əmək müqaviləsi vasitəsilə həyata keçirməlidirlər. Yeganə istisna Azərbaycan Respublikası Prezidentinin 8 iyul  2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə təsdiq edilən dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrə (peşələrə) aiddir. Əmək müqaviləsinin elektron formada bağlanılması üçün işəgötürən ƏMAS altsistemində əmək müqaviləsini hazırladıqdan sonra imzalanması üçün qarşı tərəfə (gələcək işçiyə) göndərir. Yeni işə qəbul edilən şəxslə elektron əmək müqaviləsi bağlanması üçün mütləq həmin şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Gücləndirilmiş elektron imza dedikdə, Asan imza və ya SİMA imzası nəzərdə tutulur. İşə qəbul edilən işçi əmək müqaviləsini elektron imza ilə təsdiqlədikdən sonra sənəd hüquqi qüvvəyə minmiş sayılır.

    Məhz bu səbəbdən Əmək Məcəlləsində edilən son dəyişiklik nəticəsində “Əmək müqaviləsi bildirişi” anlayışı da ləğv edilib. Müvafiq olaraq, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra deyil, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranmış hesab edilir.

    Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilməlidir. Bu dəyişikliklərin qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçirilir.

    Əmək müqaviləsinə xitam verilməsi qaydasında yenilik

    Digər bir dəyişikliyə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl kağız daşıyıcıdan əlavə həm də elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməklə əmək müqaviləsini ləğv edə bilər. Eləcə də, işəgötürənin əmək şəraitinin şərtlərini dəyişdirməsi, işçinin müvafiq bildiriş müddətini gözləməklə əmək müqaviləsinə xitam verməsi, bu barədə ərizəsini geri götürməsi və digər hallarda qarşı tərəfə məlumatları (bildirişi) həm də elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq edə bilər.

    Əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla) müəyyən edilə bilməz.

    Bununla yanaşı, müddətli əmək müqaviləsinə xitam vermək üçün xəbərdarlıq verilməsi müddəti  əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış müəyyən edilmişdir. Tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya qanunla müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

    Əgər işçiyə qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmişdirsə, işçinin müəyyən üzrlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işəgötürən tərəfindən işçi işə çıxdığı gün xitam verilə bilər. Əmək kitabçası ilə bağlı normalar, eləcə də əmək kitabçasının sonuncu iş günü işçiyə verilmsi tələbi yalnız qanunla müəyyən edilən hallarda əmək müqaviləsinin kağız daşıyıcıda bağlanması müəyyən edilən şəxslərə münasibətdə tətbiq edilir.

    Əmək Məcəlləsinə edilmiş digər dəyişikliklər

    Digər dəyişiklərə əsasən, işəgötürənin üzərinə işçinin sadəcə icbari tibbi sığortası deyil, həmçinin məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası üzrə də sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək vəzifəsi qoyulmuşdur.

    Digər tərəfdən əmək müqaviləsinin (kontraktın) Əmək Məcəlləsində təsbit olunmuş nümunəvi forması üzrə dəyişikliklər edilmişdir. Dəyişikliklərə görə əmək müqaviləsinin 1.1-ci bəndindən Fiziki şəxs olan işəgötürən haqqında məlumtlardan sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriyası, nömrəsi, verildiyi tarix və şəxsiyyət vəsiqəsini verən orqanın adı çıxarılmışdır. İşçilər haqqında məlumatlardan vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, verildiyi tarix və onu verən orqanın adı, eləcə də, təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı çıxarılmışdır. Əlavə olaraq, əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilərə münasibətdə sosial sığorta nömrəsi (SSN) də istisna edilmişdir. Əmək müqaviləsinin nümunəvi formasına həmçinin bu qanundakı dəyişikliklərə uyğun uzlaşdırma xarakterli əlavələr edilmişdir.

    Qeyd edilən dəyişikləri nəzərdən keçirməyinizi və fəaliyyətinizi qanunvericiliyə edilmiş dəyişikliklərə uyğunlaşdırmağınız üzrə tədbirlər görməyinizi məqsədəuyğun hesab edirik.

    Share your thoughts